BAYRAM

Bu gün bayram edir qırğız elləri.
Yadın caynağına keçəndən bəri
"Ağ günə çıxıbdır..."
Buna bax, buna!
Sevinir,
fəxr edir qul olduğuna.
Bayrammı?
Kül olsun gözünə, millət!
Zar-zar ağlayasan gərək sən bu gün.
Yüz il bundan əvvəl başın kəsildi.
Öldüyün günündür bu gün, öldüyün!...
Ölür,
Qatilinə "pənahım" deyir,
Qul olduğu günü bayram eyləyir.
2 Noyabr 1963

ƏHMƏD, AY ƏHMƏD

Qaldıq nə günlərə... nə günlərə biz.
Hanı bığı burma igidlərimiz?
Hanı yanağından qan daman ərlər?
Hanı qoç Nəbilər, hanı Həcərlər?
Bəlkə anamızdan qul doğulmuşuq?
Bir tula payına möhtac olmuşuq...
Zəhmətin havayı, qazancın minnət,
Əhməd, ay Əhməd!
Yanvar, 1963

XALQ DÜŞMƏNLƏRİ

Xalqa neçə tələ qurdular,
Başımız cilova keçəndən bəri.
Qəsdən, bilə-bilə adlandırdılar-
Xalqın dostlarını "xalq düşmənləri".
1969

KRIMDA TATAR QƏBİRLƏRİ

Torpağın altında yatır yerlilər,
Üstündə gəlmələr kefdə, damaqda.
Yerlinin dərdini yersiz nə bilər?
Yerlinin haqqını o, tapdamaqda.
Gəlmə haqlı bilir özünü, haqlı!
Yerlinin yurduna yolları bağlı...

Bilmirəm Krımın öz sahibləri
Bu torpaq altında necə dincəlir?
Millət bu diyardan gedəndən bəri,
Ruhlar öz yurdunu ziyarət üçün,
Sibirəmi gedir, buramı gəlir?

Tatar məzarları... əl açıb göyə
Torpağı qaldırıb niyə qabarmır?
Ölülər yer altda görəsən niyə
Haqq diyə qışqırıb fəryad qoparmır?
Krımı götürüb çiyinlərinə
Millət olan yerə niyə aparmır?

Məzarlar bu yurdun öz sahibləri,
Niyə bu zillətin bağrı sökülmür?
Torpağın üstündə sahibkar kimi
Gəzən gəlmələri dənizə tökmür?
5 may 1966 Kırım-Yalta

QƏRİBƏDİR

Dövran bizi tarixdə veyilləndirən oldu,
Bir yerdə donub göl kimi lilləndirən oldu.
Dünyaya Uluq bəy* kimi dahini verən xalq,
Bir qul kimi yad millətə pambıq verən oldu.
1973
* Teymurləngin nəvəsi məşhur astranom Uluğbəy nəzərdə tutulur.

ÖZ "MƏN"İMİN AĞASI

Öz yurdumda, öz evimdə özgəsi,
Oldu mənim gülşənimin ağası.
Ağlar qoydu inamı da sabaha,
Bu günümün, dünənimin ağası.

O zamankı ümidimdən barındım,
Bu dövranın çirkabından arındım.
Zülmlərdən nə ağrıdım, nə sındım,
Ola bildim öz "mən"imin ağası.

Daşdan-daşa vurdu məni diləklər,
Qədərimə qəh-qəh çəkdi fələklər.
Öz səmtini dəyişməyən küləklər-
Vətən adlı yelkənimin ağası!

Kotanımı çox sürsəm də xama mən,
Yetişmədim bir müqəddəs kama mən.
Çox çalışdım, çox vuruşdum, ama mən
Olammadım Vətənimin ağası.

Ölə-ölə rəzalətin içində,
Bərkimişəm məşəqqətin içində.
Bu zülmətin, bu zillətin içində
Olmuşamsa öz "mənim"imin ağası
Olacağam Vətənimin ağası!
Mart, 1974

POMPEY XƏRABƏLƏRİ ÖNÜNDƏ

Əsrlər ötdükcə tarixdən bəri,
Başqa gözlə baxır zaman hər şeyə.
Pompey şəhərinin xərabələri
Muzeyə dönübdür, indi muzeyə.

Axarlı-baxarlı bu qədim şəhər
Bu gün səhnəsidir ötən tarixin.
Bu gün izlərini axtarır bəşər,
Dünən bir vulkanla itən tarixin.

Bu ölü şəhəri yalnız görməyə
İldə on minlərlə səyyah gəlir.
Səyyah marağından hər il ölkəyə
Neçə milyonlarla dövlət-var gəlir.

Bəs biz?
Oyanmadıq əsrin səsindən,
Dondu sevgimiz də, nifrətimiz də.
Əcnəbi pul qırır xərabəsindən,
Bizə düşmən oldu sərvətimiz də.
Fevral, 1961
Pompey xərabələri


Yuxarı