ALLAHU-ƏKBƏR

Allaha ucalan ulu bir yolun
İlkin pilləsidir Allahu-Əkbər.
Haqqı dananların üzünə dəymiş,
Haqqın şilləsidir Allahu-Əkbər.

Göylərin nidası ucalıb yerdən.
Daim xilas edir xeyiri şərdən.
Qüdrəti-kamilin minarələrdən
Gələn nəğməsidir Allahu-Əkbər.

Məkana, zamana, dövrə o, soltan!
Odur həqiqətə qapılar açan.
Mömünlik yolunda qəlbə nur saçan-
İman şöləsidir Allahu-Əkbər.

Odundan əriyər sinə dağları,
İşığa bürüyər qaranlıqları.
Donmuş ümidləri, batmış haqları
Bir anda isidər Allahu-Əkbər.

Dünyanın əzəli borcludur ona,
O bir pəncərədir əvvəldən sona.
Görünməz dünyanın var olduğuna
İman müjdəsidir Allahu-Əkbər.

Odur əyriliyə düzün həmləsi-
Rəhmin ilk nidası, axır cümləsi!
Allahın səsidir vicdanın səsi,
Vicdanın səsidir Allahu-Əkbər.

1977, İstanbul

ALUŞTADA ƏMƏTXAN SULTANIN HEYKƏLİ ÖNÜNDƏ

Müharibə illərində Krım tatarlarını Krımdan sürgün etmiş, ama döyüşlərdə böyük qəhrəmanlıq göstərərək, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adı almış Tatar oğlu Əmətxan Sultana doğulduğu Aluşta şəhərində heykəl qoymuşlar. Paradoksa baxın! Millətin qovulduğu yerdə həmin millətin oğluna heykəl!

Əmət Sultan,
De, hardadır indi sənin ana yurdun?
Sən cəbhədə Rusiyanı qoruyurdun.
Həmin ölkə Vətənindən sürgün etdi
millətini.
Tapdaladı namusunu, qeyrətini.
O, üzünə gülə-gülə
Yaxşılığın əvəzini çıxdı belə
Eşitmişəm, bu təhqirdən
Sinən olmuş oyuq-oyuq
Sənin ana torpağından özünə yox,
Təkcə sənin heykəlinə yer verdilər.
Sənə sənin qan bahanı göstərdilər.
Dəyərinə diqqət elə,
Alçaldılan şərəf, şanın!
Vətənində ucaltdılar
heykəlini qəhrəmanın.
Dedilər: biz sevirik Əmətxanı.
Demədilər: bu igidi yetişdirən
millət hanı?
O, göydənmi düşdü yerə?
Atası kim, anası kim? Milləti nə?
O igidin məhəbbəti yox idimi
Vətənindən qovduğunuz millətinə?
Döşünə cüt ulduz taxıb dedilər ki:
“Öz millətin sənə yaddır.
Atan da, ana da biz.
Dedilər ki, sən yaxşısan,
Atan da pis, anan da pis...”
Heykələ bax!
Qəzəb yağır baxışından.
Sən dostunla düşmənini
Seçəmmədin, ey Əmətxan!
Sən qəzəblə nə baxırsan Qərbə sarı?
Döndər, döndər sən Şimala
O qəzəbli baxışları.
Qərbdə deyil, qardaş, sənin
Şəmaldadır öz düşmənin!
O düşmən ki, torpağına sahib olub
Səni dandı.
“Ay dağ”*da ayılandı.
Necə deyim “qəhrəmansan“
mən də sənə-
Dostu ilə düşmənini seçməyənə?
Sənin iti nəzərin var.
Yaxşı vuran,
Ancaq niyə vurduğunu
Düşünməyən bir ovçuya bənzərin var.
Atəşinə öz ürəyin hədəf oldu,
Şərəfsizlik indi dönüb şərəf oldu.
Heykələ bax! Dayanıbdır əzəmətlə,
Ləyaqətlə.
Millətinin şərəfini
Qoruyan bir igid kimi.
Döşündəki o ulduzlar
Əldən çıxan o torpağın əvəzimi?
Əmət Sultan,
Sənə haram elədilər halalını.
Sən tutuşdur heykəldəki qürurunla
Həyatdakı bu halını.
Vallah, billah, yaraşmayır bu qürur sənə,
Qanan hər kəs gülür sənə!
Kimdir sənin o dünənki qürurunu
Bir quruşa bu gün alan.
... Ey Vətəndə daşa dönüb yalqız qalan!
Sən döyüşdün
Düşməninin düşməniylə nahaq yerə.
Döşündəki nişanlardan
Bu gün gərək Vətən boyda
Dərd göyərə, qəm göyərə!

6-7 aprel 1980
Krım, Aluşta

BƏLKƏ AYILDIM

Zori Balayanın “Ocağ”ına cavab

Gah Şərqə, gah Qərbə qol-budaq atdıq,
Biz tarix yazmadıq, tarix yaratdıq.
Sizsə özünüzə hey zaman-zaman
Tarix uydurdunuz şərdən, yalandan.
Gerçəyin üzünə boya sürtdünüz,
Böhtanı doğru tək gözə dürtdünüz.

Utanmaz üzünlə, Balayan, utan
“Bala”dan yaranmış öz soyadından.
Nədir Ələkçiyan, Dəmirçiyanlar?
Ələyə, dəmirə sən nə deyirsən?
Türkü bəyənməyib sən açıq-aşkar
Türkün sərvətini mənimsəyirsən?

Nə tez cığırandan çıxıb qudurdun,
Dünənki ağanın üzünə durdun.
Rusun hiyləsiylə köçüb İrandan
Bizə sığınmaqçın, maska geydiniz.
Pənah xan Şuşanı tikdirən zaman
Çaydan daş daşıyan qulbeçəydiniz.
Vaxt keçdi, girdiniz başqa bir dona,
Düşdünüz ağalıq iddiasına.
Guya bu torpağın qəsbkarı biz,
Əsl sahibkarı yalnız sizsiniz.
Tarixin dərsləri unudulammaz,
Dünənki nökərdən ağa olammaz.
Saxta dəlillərlə yanan bu “ocaq”
Nifrət çöpləriylə qalanıb ancaq.
Geydin astarını sən həqiqətin,
Hər kəlmən uydurma, hər sözun qərəz.
Türkə bəslədiyin kinin, nifrətin
Siqləti çəkiyə, ölçüyə gəlməz.
Dşümən kəsildiniz haqqa, gerçəyə
Əslində olmayan “soyqırım” deyə.
Bürüdü dünyanı hay-harayınız.
Quyruq bulamaqda yoxdur tayınız.
Sənin tarixinin dolanbac yolu
Yalanla, böhtanla, şərlə dopdolu.
Allah elə bil ki, yaradıb səni
Bizim başımıza bəla, erməni !

Həmişə oyaqsan...
sən bu gününə,
Mənsə keçmişimə uydum, bayıldım.
Uydur yalanları, uydur sən yenə
Bəlkə qəflətimdən bir gün ayıldım.
Mən öz keçmişimlə xumaram hələ,
Balayan, sən Allah, məni iynələ.
Elə iynələ ki. göynəyən ağrı
Mənə çoxdan çatıb, hamıya çatsın.
Düşünüb sabahı deyirəm, barı
Rəhbərim oyanıb xalqı oyatsın.

Dekabr, 1984

HÖRÜMÇƏK TOR BAĞLADI

Tariximiz danıldı,
Uydurma tarix ilə kimliyimiz anıldı-
Öz kökünü bilməyən gözü küllü bu millət
Zamanın yollarında hər addımda yanıldıö
Uydurma tarix bizi anamızdan ayırıb,
Yad anadan alınmış bələkdə qundaqladı.
Özülümüz laxladı.
Bu xalqın tarixini düz bildirən, düz yazan
Tarix kitablarında hörümçək tor bağladı.
Kimə deyək dərdini bu dövranın, bu günün?
Vəzifəyə sümsənən,
Vəzifə kürsüsünün
Birinci pilləsində bu mərkəzdən noxtalandı.
Kişiliyi vardısa, bu anda axtalandı…
Ürəkdəki cəsarət,
mərdanəlik,
dəyanət
talandı,
tapdalandı.
Məğrur keçmişimizdən üzüldü əllərimiz,
Şərəf bildik özgəyə qul olmağı yoxsa biz?
Hər cürə zülmü udduq.
Köləliyi qazanıb, kişiliyi unutduq.
Vicdan, düzlük, həqiqət sürgün oldu bu yerdən,
Yaltaqlıq və xəyanət silahını yağladı.
Cəsarət qılıncının ağzı düşdü kəsərdən,
Qəbzəsində, qınında hörümçək tor bağladı.

Dilimiz yasaq oldu.
Ruhumuz qəlbimizdə əbədi dustaq oldu.
Ruhsuz yaşadıqca biz
Vicdanımız, eşqimiz
üzümüzə ağ oldu.
Biz beləcə yaşadıq, yaşamadıq, süründük,
Əməlimizdə deyil, sözümüzdə göründük.
Ruhumuz qan ağladı,
Məscid qapılarında hörümçək tor bağladı.

Həqiqət dilə gəldi,
Dildə ilişdi, qaldı.
Həqiqətin üstünə yalanlar kölgə saldı.
Vuruşmadıq, barışdıq
Biz "azadlıq" adlanın bir uydurma nağılla.
Ölən düşüncələrlə qəlbimiz yas saxladı,
Həqiqəti deməkdən elə qorxduq…
Ağılla
Həqiqət arasında hörümçək tor bağladı.

10 oktyabr, 1968.

KİROVUN HEYKƏLİ

Kamil Mirbağırova ithaf

O, heykəlmi?
Yox, ey dost!..
O, ölkənin sahibi.
Başımızın üstündə
Sıyrılıb qılınc kimi.
Hədələyir o, bizi.
Deyir mənimdir ölkə-
Bu göy,
bu yer,
bu dəniz!
Başınızı vuraram,
Ayaqlarım altından
Başınızı çəksəniz!
Ayağım altındadır
Namusunuz,
arınız.
Başınızı sürüsun
Daim ayaqlarınız.
-Bu düzdür!
Bəs neyləmək,
Susub oturmaqmı?..
-Yox!
Biz nə qədər yaşayaq
Başımız üstündə yumruq?..
Öz doğma şəhərində
Sən kimin heykəlini
İstəyirdin ucala
O heykəlin yerində?
- Koroğlunun,
- Babəkin.
- Yox, dostum yox, bilmədin!
Mən istərəm tarixə
Bu gündən də iz qala,
O heykəlin yerində
O heykəli yıxanın
Tunc heykəli ucala...

Aprel, 1966

QORXU

Mən qorxuram, sən qorxursan,
O da qorxur, bu da qorxur,

Biz qorxuruq.
Təzə fikir beynimizə gələn kimi
tez qorxuruq.
Başqasından qorxduğumuz bəs deyilmiş,
Özümüzdən biz qorxuruq!
Qorxu, qorxu!
Bir qurd olub yeyir bizi içimizdən,
Nə gözləyir Vətən bizdən?
İradə yox,
kişilik yox.
Biz qorxuruq,
biz susuruq.
Fikir ölür,
can sustalır,
ürək dönüb,
ruh boğulur.
Qorxu bizim dilimizdə kilid olur,
Beynimizdə qıfıl olur.
Dərd budur ki, bu dərdi də
Biz qanırıq, biz bilirik.
Qorxa-qorxa
Özümüz də özümüz üçün
Biz qorxuya çevrilirik.

15 iyul 1972

MƏNIM SƏBRİM

Mənim səbrim.
Bu səbrimə mən nə deyim?
Mənim səbrim-mütiliyim,
köləliyim !
Atam kölə olduğunu heç bilmədi,
"Ağa" kimi ömür sürdü.
Yaşayırdı,
düşünmürdü.
Mənsə kölə olduğumu
Qana-qana, bilə-bilə
yaşayıram.
Öz-özümü dana-dana,
ölə-ölə
yaşayıram !
Xöşbəxtliyim ondadır ki,
Düşmənimin hökmü böyük,
taxtı çürük!
Bədbəxtliyim ondadır ki,
Mənim səbrim
Düşmənimin qüdrətindən daha böyük !

Sentyabr, 1972

MÜSAVAT

Zülmətlə savaşlarda zəfər çaldığı gündən,
Qəlblərdə azadlıq odu yandırdı Müsavat.
Ulduz və hilal eylə ki, üç rəngə qovuşdu,
Boz qurdu könüllərdə oyandırdı Müsavat.

Meydan oxudu qan çiləyən dövrana qarşı,
Hər zalimə, hər nadana, hər hədyana qarşı.
Tüğyan elədi eyləki zülm insana qarşı,
Öz həddini zalimlərə qandırdı Müsavat.

İlhamını almış o, Vətən adlı gözəldən,
İman suyunu, çünki o içmişdi düz əldən.
Xalq namina haqq naminə vuruşlarda əzəldən
Ön cərgədə hər tilsimi sındırdı Müsavat.

Öndər dedi: - İstiqbal üçün dağ aşalım biz,
İstiqlala, istiqbala daim qoşalım biz,
Bir türk kimi islamlaşa, çağdaşlaşalım biz
Amalına bu xalqı inandırdı Müsavat.

Amalı təmiz, məqsədi aydın, üzü ağdır,
Ən ali məqamlarda qərəzlərdən uzaqdır.
Tarix şüuru-xalqımı millət yapacaqdır,
Haqqa dönəni haqqa tapındırdı Müsavat.

Düzlük şüarı daima çarpışdı yalanla,
Torpaqdan alıb qüdrəti, kökləndi zamanla.
Cənnət edəcək amala dönmüş bir imanla
Ünvanı Azərbaycan olan yurdu Müsavat.

Fevral, 1977

PAMBIQ

Adına min lənət, özün bir yana,
Gəlmişik əlindən zinhara, pambıq.
Rəngin ağdırsa da yazıq kəndlinin
Elədin gününü sən qara, pambıq.

Havaya sovrulur əlimin rənci,
Qocaya döndərdin cahılı, gənci.
Yazı əkinçiyik, qışı dilənçi,
Düşmüşük əlindən azara, pambıq.

Sən mənim xalqıma kəsildin qənim,
Çox da ki, bahadır qiymətin sənin.
Millət lüt-üryandır,
amma özgənin
Əynində dönürsən paltara, pambıq.

Anamın, bacımın yeyib ətini,
Gözündə qoyursan hər niyyətini.
Çəkirsən kəndlinin heysiyyətini,
Hərrac malı kimi bazara, pambıq.

Hər zülmə, cəfaya sinə gərmişik,
Xeyiri, qazancı yelə vermişik.
Səni biz əkmişik, biz becərmişik,
Yüklənib gedirsən bəs hara, pambıq?

30 oktyabr 1956
Şamxor

TARİX

Bizi ayırdılar mənliyimizdən,
Millət kökdən qopan bir budaq oldu.
Süzüldü yad səsi öz neyimizdən,
Keçmişin üzünə indi ağ oldu.

Hələ unuduldu Quran da, din də,
Keçib gəldiyimiz yollar danıldı.
Əridik özgələr, yadlar içində,
Hünərli, zəfərli illər danıldı.

Tarixdir hər daşın, qayanın yaşı,
Tarixlə bağlıdır insan, yurduna.
Yox isə bir xalqın tarix yaddaşı,
Vətən də quruca torpaqdır ona.

Yanvar, 1977

YADA ABİDƏLƏR UCALDIB DEDİK..
('416' poemasından.)

...Yada abidələr ucaldıb dedik:
Fəhləlik bizimdir, ustalıq sənin.
Çox zaman özgəyə qulluq elədik
Beyin bizim oldu, əsər özgənin.

Nadir də, Qacar da ölkələr aldı,
Vətən ucalmadı, özü ucaldı,
Öz doğma yurdunu ayağa saldı,
Şahlar bizim oldu, zəfər özgənin.

Saldıq özümüzü özümüz gözdən,
Kül ilə oynadıq əl çəkib közdən.
Ölkələr nur aldı şəfəqimizdən,
Günəş bizim oldu, səhər özgənin.

Mənim sərvətimə cahan göz dikdi,
Sərvətim, dövlətim ona gərəkdi.
Babam yer şumladı, babam yer əkdi,
Əmək bizim oldu, bəhər özgənin.

Açdı sinəsini bizə bu torpaq,
Aləmi bəzəyib lüt olduq ancaq.
Cıdırda çapsaq da hamıdan qabaq,
Hünər bizim oldu, nəmər özgənin,
Qızıl bizim oldu, kəmər özgənin.

1969.


Yuxarı