ŞƏHİDLƏR

Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üç rəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər.

Zalim öyünməsin zülümləriylə,
Min-bir böhtanıyla, min-bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə
Ölümü kamına çəkdi şəhidlər.

O şənbə gecəsi, o qətl günü,-
Mümkünə döndərdik çox namümkünü.
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü şəhidlər.

Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə bizdə.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi şəhidlər.

Onlar susdurulan haqqın dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi şəhidlər.

Bilirik, bu bəla nə ilkdi, nə son,
Ölürkən uğrunda bu ana yurdun.
Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi şəhidlər.

Dözdü hər zillətə, dözdü hər şeyə,
'Dünyada mənim də haqqım var',- diyə
Kütləni xalq edən müqaviləyə
Qanıyla qolunu çəkdi şəhidlər.

İnsan insan olur öz hünəriylə,
Millət, millət olur xeyri, şəriylə.
Torpağın bağranı cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.


SON

On doqquz yanvarda doğum evləri
Ölümdən, qırğından xəbərsiz idi.
O gün Bakımızda axşamdan bəri,
Ölum ilə həyat üzbəüz idi.

Güllə səslərini çağa səsləri,
Batırdı o gecə, şükür Allaha !
Doldu şəhidlərin boşalan yeri,
Naşükür olmayaq vallan, bir daha.

Gedən oğulların, axan qanların,
Əvəzi su səpdi yanan qəlbimə.
O şənbə gecəsi doğulanların,
Onundan doqquzu oğlanmış demə.

Zalimin zəfəri başdan qələtdir,
Zamanın səsini biz də dinlərik.
Dünya gücümüzə yaxşı bələddir,
Hələ biçilməmiş əkilənlərik !

Mart, iyun 1990
Bakı- Şəki







Əvvəlki səhifə   Yuxarı   Sonrakı səhifə