BİR SALAMA DƏYMƏDİ
Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?
Beş ildə gözümüzdən axan o qanlı sellər,
Bir salama dəymədi?
Heç üzümə baxmadan yanımdan necə keçdin?
Sən eşqin salamını qorxuyamı deyişdin?
Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?
Qayğılı anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?
Sən neylədin, bir düşün!
Yalnız indi anladım; ah, sən daha mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri dönməyəcəksən!...
Qop ey tufan, əs ey yel! Xəzəl olum, tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir salama dəymədi.
Bir günlük həsrətimə dözə bilməyən gülüm,
Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?
Getdin, dalınca baxdım, can ayrıldı canımdan,
Sən necə etinasız ötə bildin yanımdan?
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
Sənin qəlbin əsmədi.
Arxana da baxmadın!
Niyə sənin yolunu məhəbbətin kesmədi?...
Qazancımız de, bumu?
Deyilməmiş o salam əlvidamız oldumu?
Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır!
Sentyabr 1961
MƏN TÜRKƏM
Sən bizi aldatdın illərdən bəri,
Mən çərxi-fələkdən dərs götürmüşəm.
Özgə anasından süd əmənləri,
Özgə qulluğunda duran görmüşəm.
Bəsdir dözdüyümüz ölümdən betər,
Köhnə bazardakı köhnə nırxa.
Milləti yüz yerə caladın, yetər,
Yüz arxın suyunu qatma bir arxa.
Əslimi, nəslimi tanıyıram mən,
Qarışıq deyiləm, özümdən hürkəm.
Sən kimsən, sən nəsən, özün bilərsən,
Mən ilk qaynağımdan türk oğlu türkəm!
Sübutdur, dəlildir, ağlın qibləsi,
Dəyişə bilərsən ağlımı ancaq.
Canım çıxanadək qəlbimin səsi,
“Türkəm”-gerçəyini pıçıldayacaq.
Noyabr, 1995
VAYDIR ƏKDİYİNİZ
Ey cibi dolular, ürəyi boşlar,
Ey sərvət dəlisi, köhnə naxoşlar,
Ey qeyrət damarı kəsik gədalar,
Peysəri qatbaqat iddialılar,
Görən, olacaqmı sümürdüyünüz
Bu millət qanından doyan gününüz?
İp həmən o ipdir, halqa o halqa
Köhnə yolunuzla getdiniz yenə.
Qismətə şükr edən bu yazıq xalqa
Ümid yedirtdiniz çörək yerinə.
Sizin bir haqqınız, xalqın min haqqı,
Yoncanı gözlədik, bitmədi yazda.
Sizin yediyiniz millətin haqqı,
İlişib qalmadı boğazınızda.
Yeyin tısqırınca, yeyin ölüncə,
Bu millət əriyib çöpə dönüncə.
Ümid yeyə-yeyə hələ gözləyir,
Bu millət götürür hər cür zilləti.
Hələ ki, dinməzcə o, ümid yeyir,
Siz də bala-bala yeyin milləti.
Millətin qanıdır sərvətin, varın,
Siz öz kefinizdə, məmləkət darda.
Gecələr çadırda ac yatanların
Payını uduzun kazinolarda.
Millətin başına çatı salanlar
Nə insaf tanıyır, nə mürvət anlar.
Gözünüz doymadı dünya malından,
Siz ey susadıqca duz yalayanlar.
Bu qədər nəfs olar? Borc istədiniz
Çomağı çobandan, çəliyi kordan.
Yeyib doymadınız, doyub yediniz
Vallah, həm torpadan, həm də axurdan.
Vaydır əkdiyiniz, siz gül dərin.
Gizli saydığınız dolların səsi
Yetim evlərində kimsəsizlərin
Ahu-naləsidir, ahu-naləsi.
Vallah, gec-tezi var, billah, gec-tezi,
Bu ahlar, nalələr tutacaq sizi.
Tamahın dibi yox... Dağıdın, sökün,
Hələ yerinizdə cağbacağsınız.
Göydən Allah baxır, gələcək bir gün,
Yediyiniz qədər qusacaqsınız.
Avqust, 1996
NAĞIL – HƏYAT
Anam olsan belə, ay anam, xeyli,
Səndən gileyliyəm, səndən gileyli...
Sən duymaq, düşünmək öyrətdin mənə,
Duyub-düşünməkdən azad olaydım.
Danışmaq öyrətdin sən öz körpənə
Nola, mən anadan lal doğulaydım.
Dilini bir ilə öyrəndim... nahaq!..
Öz dilim özümə kəsilib yağı.
Bütün ömrüm boyu çalışdım, ancaq
Öyrənə bilmədim danışmamağı...
Başıma bəladır mənim öz dilim,
Dənizəm, üzümə durub sahilim.
Yerimək öyrətdin tutub əlimdən,
Dolaşdım aranı, dolaşdım dağı.
Balana yerimək öyrədincə sən,
Gərək öyrədəydin yıxılmamağı...
Fikirlər yığılır beynimdə qat-qat,
Cavablar qorxulu, suallar-yasaq.
Həyatı qanana ögeydir həyat,
Onu qanmayana doğmadır ancaq.
Məni incidirlər bəzən qəsd ilə,
Ertəsi hər şeyi unuduram mən.
Girəvə düşəndə zalimə belə
Zülm edib, kam almaq gəlmir əlimdən.
Ana, quduzlaşır həyat, ilbəil,
Dalayır puç olan ümidlərimi.
Niyə isti deyil, mehriban deyil
Bu amansız həyat qucağın kimi?..
Hardasan, ay ana, bir gəl, mən yenə
Bəlalı başımı qoyum dizinə.
Mənə nağıl danış, dayansın anlar,
Görüm, nağıldakı o qəhrəmanlar
Cütbaşlı divləri nə təhər yıxır,
Nə təhər gizlənib, tilsimdən çıxır.
Bir danış, hardadır, görüm səadət?
Bizim yurdumuza o niyə gəlməz?
Danış, danış görüm, Məlik Məhəmməd
Zülmətdən işığa necə çıxdı bəs?
Danışma, ay anam, danışma, kiri,
Beynimə batmayır bu əfsanələr.
Divlər görmüşəm ki, nağıl divləri,
Onların yanında toyuğa bənzər.
Nadanlar görmüşəm, öz yolundakı
Dikə eniş deyir, düzə dik deyir.
Tülkülər görmüşəm, öz qolundakı
Dəmir zəncirlərə bilərzik deyir.
Atasını söyən, yada baş əyən
Rəhbərlər görmuşəm, qəddar, amansız.
Tikana gül deyən, gülə kol deyən
Qarılar görmüşəm dinsiz, imansız.
Quldurlar görmüşəm, özgə yer deyil,
Yurdunu talayıb, asudə yatmış.
Tacirlər görmüşəm, simuzər deyil,
“Malades” sözünə Vətəni satmış.
Dünyanı biləndən, duyandan bəri
Mənim gözlərimdən düşüb həyat da.
Nağılda gördüyüm qorxunc şeyləri,
Həyatda görmüşəm, anam, həyatda.
Yanvar, 1964 – may, 1965
|
|