ÇÖRƏK – SƏADƏT
Dirək oldu göylərə ah-naləsi bu yerin....
Vətəndə iş axtarıb ağ gün gözləyənlərin,
Gözlərinə ağ düşüb.
Bir parçacıq çörək də Vətəndən qaçaq düşüb.
«Bəlkə...» – dedi,
əkiblər,
bitməyibdir,
«bəlkə»ni.
Anadolu kəndlisi gəzdi bütün ölkəni,
Xeyir axtardı,
gördü,
qismətinə şər düşüb.
Vətənin övladları özgə qapılarında
necə dərbədər düşüb.
Çörək ceyran belində,
Ceyranı hürkütdülər.
Qaçıb onun dalınca
orda, burda güddülər.
O, gözlərdən yayındı,
Onu vurub ötdülər.
Ələ çörək gəldisə, səadəti gəlmədi,
Anadolu kəndlisi, bircə şeyi bilmədi,
Hər xalqın,
hər millətin,
Vətinindən uzaqda tapılan «səadətin»
Adı səadət olur,
Özü fəlakət olur...
1972
ÇÖRƏK – VƏTƏN
Əynində «cinsi» şalvar,
Belində enli kəmər,
Saçı çiyinlərində
Döşündə emblemlər,
Firmenli bir türk ilə
Mən danışdım ərk ilə:
- Burda çörək tapmısan, bəs səadət, bəs Vətən?
Çörək səadət deyil, unutdunmu bunu sən?
Üç il,
Beş il,
Nə zaman,
Dönəcəksən Vətənə?
- Harda qarnım toxdursa, ora Vətəndir mənə,-
Deyə qəhqəhə çəkdi.
O bu qəhqəsilə üzümə şillə çəkdi.
Bir qarınlıq çörəkçün sən unutdun hər şeyi,
Sən çörəyə bağladın, taleyini, baxtını,
Bəs Vətənin taleyi?
Bəs onu kim düşünsün?
Vətən düşmənlərinin qanını tökmək üçün,
Kimin kini, qəzəbi,
Yanıb gülləyə dönsün?
Burda çörək tapmısan,
bəs səadət,
bəs Vətən?
Çörək səadət deyil; unutdunmu bunu sən?
Səadət - Vətən demək!
O, Vətənə bağlıdır,
Elin qəlbi dağlısa, sənin qəlbin dağlıdır.
Bəs hər zülmə, cəfaya nəcə dayanmış baban?
Ellə gələn yası da toy-bayram sanmış baban.
Elsiz bir səadəti səadət bilməmişlər.
Unutma,
«El içində - öl içində» -
demişlər.
Vətən – namus,
namusu
itə atsan it yeməz.
Yal üçün zingildəyər, namusu zingildəməz.
Sən insansan!
Namusun, el qeyrətin hanı bəs?
Namusu ələf kimi gövşəmə!..
o, yeyilməz!
Bir parçacıq çörəkçün hamı qaçsın Vətəndən
Bəs Vətəndə kim olsun?
Kədərindən qaçdığın,
Sabahkı sevincinə uzaqdan əl açdığın,
O su, hava,
o tarpaq,
Qoy sənə qənim olsun!
«Harda qarnım tox isə, ora Vətəndir» - dedin.
Sən Vətəni çörəyə necə qurban elədin?
Burda çörək qazanıb özünü də itirdin.
Bığ dalınca gəlirkən, saqqalı müftə verdin.
Qürbətdə çorəyin var,
ürəyin yoxdur sənin.
Anasız bir uşaqsan,
Qıvrıl yat,
dinmə!
Qəlbin
oyuq-oyuqdur sənin!
Çörəyin var,
Bəs hanı, saçına sığal çəkən,
Vətənin küləkləri?
Səni sərməst eyləyən gülləri, çiçəkləri?
Hanı Vətən havası?
Hanı ana laylası?..
Vətən yanız çörəkmi?
Bəs bunlar?
bunlar hanı?
Bır parçacıq çörəyə satarlarmı ananı?
Avqust, 1972, Qərbi Berlin
Vətən
Çağırır indi bütün milləti imdada Vətən,
Dəyişilməz ey oğul, cənnətə dünyada Vətən.
Bizə meydan oxuyan bilməlidir birdəfəlik,
Nə satılmaz, nə verilməz binədən yada, Vətən.
Sinə altında gərək qəlb kimi hər an döyünə,
Yana ulduz kimi hər sözdə, hər imzada Vətən.
Vətən eşqindən ucalsın bütün istəklərimiz,
Yaşasın arzuda, məqsəddə, təmənnada Vətən.
Ulular uymadı var-dövlətə, yalnız dedilər:
-Ən böyük bəxşişimiz bizdən hər övlada: Vətən!
Vətən eşqindən alar Bəxtiyar öz qüdrətini
Döyünər qəlbi kimi hər yeni misrada Vətən.
1994
Əvvəlki səhifə
Yuxarı
|