QIZIMA

Gəlirsən, gedirsən…
Gözüm önündə,
Bilmirsən nə sorur, nə deyir atan.
Üzündən, gözündən,
Hər bir sözündən
Qəlbini oxumaq istəyir atan.

Gəlirsən, gedirsən… heç nə sormuram,
Baxışlar danışır, baxışlar ancaq.
Bilmək istəyirəm, a mənim balam,
Səni isidirmi qonduğun budaq?
Qınama, bələdəm mən bu həyata,
Kim çərxi geriyə döndərə bilmiş?
Övlada qızıldan təxt verər ata,
Qızıldan bəxtini kim verə bilmiş?
Gəlirsən, gedirsən.
Dəyişmiş bizim
Sözümüz, sorğumuz…
Bu sən,
bu da mən
Elə gəlirsən ki, elə bil, qızım,
Bu evdə doğulub böyməmisən.

Bir az yad olmusan,
Bir az utancaq,
Əvvəlki ərkini istərəm yenə.
Gələndə qonaqsan, gedəndə qonaq,
Nə tez özgələşdi bu ocaq sənə?

Sənin xislətin də nə tez dəyişdi,
Demə gileyliyəm, yox, yox, şadam mən,
Sev ki, seviləsən…
Bizimki keçdi,
İndi sənin üçün narahatam mən.

Qoru hər ləkədən məhəbbətini,
Hər yerdə,
həmişə,
hər zaman, qızım.

Arxan-ata evi…
Səadətini
Yalnız ər evində tapasan, qızım.

May, 1978

 


HÖRÜMÇƏK TOR BAĞLADI

Tariximiz danıldı,
Uydurma tarix ilə kimliyimiz anıldı-
Öz kökünü bilməyən gözü küllü bu millət
Zamanın yollarında hər addımda yanıldıö
Uydurma tarix bizi anamızdan ayırıb,
Yad anadan alınmış bələkdə qundaqladı.
Özülümüz laxladı.
Bu xalqın tarixini düz bildirən, düz yazan
Tarix kitablarında hörümçək tor bağladı.
Kimə deyək dərdini bu dövranın, bu günün?
Vəzifəyə sümsənən,
Vəzifə kürsüsünün
Birinci pilləsində bu mərkəzdən noxtalandı.
Kişiliyi vardısa, bu anda axtalandı…
Ürəkdəki cəsarət,
mərdanəlik,
dəyanət
talandı,
tapdalandı.
Məğrur keçmişimizdən üzüldü əllərimiz,
Şərəf bildik özgəyə qul olmağı yoxsa biz?
Hər cürə zülmü udduq.
Köləliyi qazanıb, kişiliyi unutduq.
Vicdan, düzlük, həqiqət sürgün oldu bu yerdən,
Yaltaqlıq və xəyanət silahını yağladı.
Cəsarət qılıncının ağzı düşdü kəsərdən,
Qəbzəsində, qınında hörümçək tor bağladı.

Dilimiz yasaq oldu.
Ruhumuz qəlbimizdə əbədi dustaq oldu.
Ruhsuz yaşadıqca biz
Vicdanımız, eşqimiz
üzümüzə ağ oldu.
Biz beləcə yaşadıq, yaşamadıq, süründük,
Əməlimizdə deyil, sözümüzdə göründük.
Ruhumuz qan ağladı,
Məscid qapılarında hörümçək tor bağladı.

Həqiqət dilə gəldi,
Dildə ilişdi, qaldı.
Həqiqətin üstünə yalanlar kölgə saldı.
Vuruşmadıq, barışdıq
Biz "azadlıq" adlanın bir uydurma nağılla.
Ölən düşüncələrlə qəlbimiz yas saxladı,
Həqiqəti deməkdən elə qorxduq…
Ağılla
Həqiqət arasında hörümçək tor bağladı.

10 oktyabr, 1968.

 

PEYĞƏMBƏRİMİZ

Yolunun yolçusuyuq, ey ulu Peyğəmbərimiz,
Adı şəfqətlə, işıqla dolu Peyğəmbərimiz.

Qurumuş torpağa bir an toxunarkən nəfəsi,
Gülə döndərdi o saət kolu Peyğəmbərimiz.

Bu da bir möcüzə! Meydan oxuyarkən sağa sol,
Sağa döndərdi imansız solu Peyğəmbərimiz.

Ulu Qurani-Kərimdən gözümüz aldı işıq,
Bizə göstərdi müdam düz yolu Peyğəmbərimiz.

Bulub haqqın yolunu Bəxtiyar oldum necə mən,
Belə zəngin elədi yoxsulu Peyğəmbərimiz.

29 yanvar, 1990

 

YUNUS İMRƏYƏ

- Bir yerdə ölub, bəs niyə min yerdə doğuldu?
- Eşqində yanırkən yenidən bir də doğuldu.
Şerindəki hikmətli sətirlərdə doğuldu.

- Bir yerdə ölüb, bəs niyə min yerdə məzar?
- Hər qazılır çünki könüllərdə məzarı.
Otlarda, çiçəklərdə və güllərdə məzarı.

- Əfsanəmi, gərçəkmi? Bu insan, necə insan?
- Varlıq səsidir, qopmuş o, türkün qopuzundan.

Oktyabr, 1985

 

SEVDİNSƏ…

Sevdinsə…Beş il, on beş il nədir,
Bütün ömrün boyu gözləyəcəksən.
Nə boyda zülm etsə sevgili sənə,
Sevdinsə…"hər zülmə döz",- deyəcəksən.
Sevdinsə…Kölgəyə dönüb hər zaman
Sən onu hər yerdə izləyəcəksən.

Sevdinsə…qəm içib, dərd udacaqsan,
Onu unutmağı unutacaqsan.
Zərərin xeyirdir, xeyirin zərər,
Sevdinsə…Günahın içində həqsan.
Onu unutmağa çalışsan, əgər.
Sən özün özünü unudacaqsan.

Sevdinsə…qanqalı gül biləcəksən.
Hər əsən yarpağa kövrələcəksən.
Sevdinsə…nə dünən, nə də bu günsən,
Sevdinsə…həmişə sən gələcəksən.
Sevdinsə…bir ömrün ilk sabahısan,
Dünyanın ən böyük xeyirxahısan.

1980

 

SEVGININ TILSIMINDƏN

Həyat bizim üçün çox ağır oldu,
Bizim halımız bu, rüzgarımız bu.
Bu qədər bağlıykən könul-könülə,
Qorxuram həyatın hər zərbəsindən.
Biz gərək çıxmayaq bircə dəm belə
Sevginin tilsimli cazibəsindən.

Bir kökdən cücərir hər istəyimiz,
Eyni bir taleyi tən bölüşmüşük.
Çəkmə taylarıtək sağ-sol idik biz,
Sonradan gör necə tayekeş duşmuşuk.
İstək başımızda döndu qaxınca,
Tənələr dəmbədəm xırpalar bizi.
Məhəbbət dəmində ucaldan uca,
Həyat qəpik-qəpik xırdalar bizi.

Gətir xatirinə gecə-gündüzü,
Biri qapqaradır, biri ağappaq.
Sevginin bu tayı sevginin özü,
Sevginin o tayı gileydir ancaq.
Sevginin tilsimli cazibəsindən
Gəl,
gülüm,
çıxmayaq,
aman, çıxmayaq!

1989


Əvvəlki səhifə   Yuxarı