GÖR NECƏ GÜCLÜSƏN!..

I

Yatmaq istəyirəm...sənsizliyimi
Yuxu dənizində batıram deyə.
Yuxumsa kölgəni öz kölgəm kimi
İzləyir, qısqanıb səni hər şeyə.
Yuxum qaçaq düşüb məndən yan gəzir,
Yuxum küçələrdə sərgərdan gəzir.

Həsrətin asılıb kirpiklərimdən.
Yuxum da gəlmir ki, heç olmasa mən
İtirim, batırım səni yuxumda.
Məndən vəfalıymış sənə yuxum da.
Yuxum qaçaq düşüb yatammıram mən,
Yuxum qorxub qaçıb fikirlərimdən...

II

Gəzmək istəyirəm... sənsizliyimi
Yollarda itirim, unudum tamam.
Hara gedirəmsə, xatirən kimi
Ağır bir yük ilə qarşılaşıram.
Səni itirmişəm,
neyləyim ancaq
Hər zaman, hər yerdə görünür yerin.
Yox, dözə bilmirəm,
dərd ondadır ki,
Özündən ağırdır xatirələrin.
Şirin xatirələr bir tikan kimi
Yollara səpilib dəstəbədəstə.
Xatirən tikandır, cızır qəlbimi,
Yoxluğun duz səpir yaramın üstə.
Yaddaşım elə bir günəş ki, gün ki,
Dünəni nur kimi görürəm aydın.
Deyirəm, yaddaşım elə ölsün ki,
Mənə dünənimi xatırlatmasın!

III

Gülmək istəyirəm... ürəyimdəki
Hönkürtü səsini batırmaq üçün.
Bilmirdim, məhəbbət bir cəllad təki
Mənim gülüşümü öldürmüş bütün.

Yandırdı könlümü bu soyuqluğun,
Var ikən, sağ ikən yox olmuşam mən.
Gör necə güclüsən, sənin yoxluğun,
Mənim varlığımı aldı əlimdən...

Başımda tufan var, könlümdə çovğun,
Arzu da, fikir də qaldı yarıda,
Gör necə güclüsən,
sənin yoxluğun
Mənə ögey etdi doğmaları da.

Fərəhim, sevincim dünəndə qaldı,
Dərdimdə, qəmimdə yaşarsan mənim.
- Yoxluğun gör necə qələbə çaldı,
Bu günüm ölüdür,
yaşar dünənim!
Çaldım öz könlümü ayrı simdə mən;
İlişib qalmışam dünənimdə mən.

Sentyabr, 1967.

ANAM ÖLDÜMÜ?

Nə tez əllərini üzdün dünyadan,
Balanı tək qoyub hara getdin sən?
Necə yox olurmuş bir anda insan,
Elə bil dünyada heç yox imişsən.

Günəş qürub etdi... otaq qaraldı,
Bir anda yox oldun sən xəyal kimi.
İndi düşünürəm: Səndən nə qaldı,
Könlümdə xatirən qara xal kimi.

Məni boya-başa yetirdin, ana
Bizə borclu bildik hər zaman səni.
Sən məni dünyaya gətirdin, ana,
Mənsə yola saldım dünyadan səni.

Sən mənə beşikdə laylay çalmısan
Bu gün laylay çalım sənə məndəmi?
Sənin şirin-şirin laylalarmı
Mən sənə qaytarım cənazəndəmi?

"Yuxun şirin olsun" - deyərdin mənə,
"Yuxun şirin olsun" - deyimmi sənə?
Gərək mən başına dönəm-dolanım,
Məni həyat üçün yatıran anam,
Söylə ölümçün
Necə yatırım
Səni mən bu gün?

Bu necə dünyadır, anlamıram mən,
Cilvəsi cürbəcür, rəngi cürbəcür
Dünən nəfəsiylə səni isidən
Bu gün buza dönüb, daşa dönübdür.

Bu necə dünyadır,
İnsan oğlunun
Xəyalı göydədir, özü yerdədir,
Sağ ikən çiynində həyatın yükü,
Öləndə cəsədi çiyinlərdədir...
Bu necə dünyadır, bu necə dünya,
Ölümü həqiqət, həyatı röya.

Dərdimin, qəmimin səndin ortağı, .
Niyə üz döndərdin, bəs niyə məndən?
"Dərdin mənə gəlsin!" - deyərdin axı,
Niyə dərd caladın dərdimə bəs sən?..

Anam, heç kəs səni incitməmişdir,
Mən səni,
mən səni incidən qədər.
İndi kimə açım dərdimi bir-bir,
Kim mənim dərdimə yanar sən qədər?

Evin hər küncündə görünür yerin.
Gözüm axtarcıdır, ana, ay ana,
"Nənəm hanı?" - deyir körpə Azərin,
Mən nə cavab verim, ona, ay ana?
Bilmirəm, bilmirəm bu ölüm nədir, Həyat var ikən?
Nəfəsin, ay anam, hələ evdədir,
Özün yer altında daşa dönmüsən.

Bu gün yeddin oldu...
anam, yeddi gün,
Bizimlə bərabər ağlar otaqlar.
Sənə,
yalnız sənə,
sənə deməkçün
Könlümdə nə qədər mənim sözüm var.

"Kimləri çağıraq bu gün yeddiyə?"
Xalalar, bacılar soruşur məndən.
Anamdan soruşaq, o bilər deyə,
Sənin otağına üz tuturam mən.

Anam, tapşırıldın ana torpağa,
Bu ölüm, sinəmə çəkdi dağ mənim.
Sən mənim arxamda bənzərdin dağa,
Elə bil arxamdan uçdu dağ mənim.

Qızımın adıdır sənin öz adın.
Bu da göz dağıdır mənə bu gün də.
Son dəfə sən mənə baxıb ağladın,
Surətim məzara getdi gözündə...

Ömrü başa vurdun altmış yaşında.
Altmışın üstündə durub yaşın da.
Artıq sənin üçün dayanan zaman
Mənimçün dolanır...
Gün olur axşam.
Vaxt keçir, sən məndən uzaqlaşırsan,
Mən sənə günbəgün yaxmlaşıram.

Fevral, 1963.



İBADƏT

Artıq dönüb dövran, dəyişib zaman
Gəlmək istəyirəm haqqa səcdəyə,
İmdad istəməkçün indi tanrıdan
Hər gecə əllərim uzanır göyə:

- İlahi, qəlbimi açıram sənə,
Çin eylə sən mənim röyalarımı.
Diz çöküb önündə gəldim səcdənə,
Qəbul et sən mənim dualarımı.

İbadət! Allahla pünhani söhbət,
İbadət - öz arzum, öz niyyətimdir.
Amma bacarmadım, yaş ötüb.. fəqət
Mənim dualarım ibadətimdir.

Allaha duama, namaz yerinə
Başqa cür ibadət, başqa yol - dedim.
Qol, boyun! Bağlıdır biri-birinə .
Boynun öz yüküdür sınmış qol - dedim.

"Çoxdur günahları ömür yolunun"
Neylərəm bu sözü mənə el desə?
Mən nəyə gərəyəm sınımış qolumun
Yükünü, cövrünü boynum çəkməsə?

Yaman üstələdi günah tövbəni,
Ruh da nəfsimizdə yox olmuş bizim.
İlahi, o qədər unutduq səni,
Bəsirət gözümüz tutulmuş bizim,
Durdu üzümüzə günahlarımız,
Bəndəlik etmədi tanrıya bəndə.
Səni yaxşı gündə unutduq, yalnız
Düşdün yadımıza dara düşəndə.

Dünyanın qəribə oyunları var,
Dünən aldananlar aldadır bu gün.
Dünən səni danıb rütbə alanlar
Səni təbliğ edən molladır bu gün.

Ya Rəbbim, sən özün kömək ol bizə,
İşıq saç qaranlıq ürəyimizə.
Biz bu var dünyada yaşarkən yoxuq,
Sən yox ikən varsan, biz varkən yoxuq.
Bizə bir kəramət bəxş elə yoxdan,
Tanıyaq yolunu, qılaq səcdəni.
Ey gözə görünməz, ey yeri pünhan,
Könül gözümüzlə biz görək səni.

Bizim qəlbimizə nur ver, ilahi,
Bizi haqq yoluna döndər, ilahi.
Sənin köməyinə möhtacıq bu gün,
Eşit fəryadımı, eşit naləmi.
Bizim dərdimizə ortaq et bu gün
Bizim dərdimizə lal-kar aləmi.

Özün görürsən ki, bu gen dünyada
Haqqımız tapdanır hər addım başı.
Təkləndik, əl açaq indi biz yada?
axı, göz yaşımız əridir daşı.
Dözdük bu on ili, dözərik yenə,
Başqa bir hikmətdir təntidən məni:
Məəttəl qalmışam sənin səbrinə,
Sözüm küfdürsə, əfv et sən məni.

Qaldı yad əlində namus, arımız,
Millət unudulmuş, xalq unudulmuş.
Bir loxma çörəkçün övladlarımız
Özgə qapılarda didərgin olmuş.

Dəyanət, ləyaqət qalmadı bizdə,
Hər gün gəlmələrlə dolur məmləkət.
Öz doğma, öz halal vətənimizdə
Gəlmə sahibkara əl açır millət.

Fəhlə maaşını alammır nədən?
On qat artıq alır yad oğulları.
Bizim ac fəhlənin göynərtisindən
Göyərir gəlmənin gömgöy dolları.

Bu millətverilən quru vədəyə,
Yaddan gələn paya şükran edilmiş.
İçilən bol suya, bomboş mədəyə
Udduğu havaya şükran edilmiş.

Doğma məmləkətdə, doğma diyarda
Bu xalqı həyansız qoyma, Allahım,
Cırıq çadırlarda, şaxtada, qarda
Donan körpələrə qıyma, Allahım.

Hamı yalanlardan cəzanə gəlmiş,
Riyalar, boyalar basıb ölkəni.
Bir qarın çörəyə möhtac edilmiş
Bu xalqın üstünə çək öz kölgəni.

Elə hey sabaha baxdıq bu gündən
İşartı görünmür, qarşı dumandır.
Ən adi, ən kiçik haqqımızla sən
Bizi imtahana çəkmə, amandır.

Gəl bu imtahandan sən qurtar bizi,
Ya Rəbbim, ağıl ver, kamal ver bizə.
Çoxdan unutmuşuq düşmənimizi,
Düşmən kəsilmişik bir-birimizə.

Yol bir olmalıdır, əqidə birsə,
Neçə təriqətə bölünmüşük biz.
Ailədə tirəlik - didişmədirsə,
Millətdə tirəlik - fəlakətimiz!

Vətən bir, millət bir, yollar cürbəcür,
Əqidə - ağ yalan, məqsəd - kürsüdür.
Köhnə bayatıya, köhnə səs-küyə
Təzə ad verdilər, ünvan verdilər.
Gözə kül üfürüb uca kürsüyə
Əqidə paltarı geyindirdilər.

Tarix səhnəsindən qorxuram silə
Biri-birimizə bu nifrət bizi.
Əfv et suçumuzu, bizə rəhm elə,
Bu dərin uçrumdan xilas et bizi.

Nə hiylə tanıdı, nə tələ millət,
Sənin anan ölsün, a belə millət.

Bizi endirdilər göylərdən yerə,
Qaytar tariximin qızıl çağını.
İlahi, hökmünlə qaldır göylərə
İslam bayrağını, türk bayrağını.

1-3 yanvar, 1999


Əvvəlki səhifə   Yuxarı