GÜMAN QALIB ALLAHA

Talan olmuş bir zaman ürəklərdə bəslənən,
Ümid ilə süslənən
O arzular, o kamlar.
Körpülərin üstündən indi sel sular keçir,
Altındansa, adamlar.

İndi yalan and olub
Hər şey tərs-avand olub.
Yayın oğlan çağında
Buludlar yaman dolub.

Hamı düz yoldan qaçıb, əyri yola işləyir
Saatın əqrəbləri soldan sağa işləmir,
Sağdan sola işləyir.
Bu qaranlıq gecənin hələ sonu görünmür
Səhər dönür axşama, gecə səhərə dönmür.
Gündüzləri alışıb, gecələri sönmüşük
Biz ağılla hiss edib, ürəklə düşünmüşük.
Özümüzə qayıdır atdığımız oxumuz
"Toxam" - deyir acımız, "acam" - deyir toxumuz.
Alçalmağı heç kəsin toxunmur vüqarına
Qol götürüb oynayır bu millət ac qarına.
Bir-birinə uyuşmur sozümüzlə içimiz
Toyda ağı söyləyib, yasda gülüsürük biz.
"Xoşbəxtəm" deyənlərə dilənçi qaçqınımız
Çadırından hay verir.
Ona bu "xoşbəxtliyi" bəxş eləyən kəslərə
Öz ömründən pay verir.
Nə gerimiz bəllidir, nə irəlimiz bizim
Əlirnizin yerinə işləyir səhər, axşam
Yalnız dilimiz bizim.
Nə arxada, nə öndə məlum bir yerimiz yox
Hara getdiyimizdən vallah, xəbərimiz yox.

Biz bir şeyi bilmədik:
Hər əsrin öz damarı, hər günün öz rüzgarı!
Bu günün qıfılına düşə bilməz, dünənin
Pas bağlamış açarı.
Ürək qalıb o tayda, güman qalıb bu tayda
Bir işıq istəyirik iynənin ucu boyda.
Ümidə də güman yox, ümid gümandan baha
Üzlər göyə tikilmiş, güman qalıb Allaha.

1 iyul, 1998



YUXULUYAM, YUXULU

Boşalıram, dolmuram
Çaşdırmışam sağ-solu.
Axtarıram bulmuram Allaha gedən yolu.
Necə çatım mən ona?
Şeytan girir min dona.
Dag atır haqq yoluna
Azır Allahın qulu.

Özüm özümə qənim
İçimdədir düşmənim.
Yolumu kəsmiş mənim
Bağ çəpəri, dağ kolu.

Hər bütə ram olmuram,
Dönüb səcdə qılmıram.
Daş dəyir, ayılmıram
Yuxuluyam, yuxulu.

Avqust, 1998



BAYRAQ

Torpağım üstünə kölgələr salan
Mənim varlığımın cilası-bayraq.
Zəfərdən doğulmuş
Göytürkdən qalan
Qurdbaşlı  bayrağın balası bayraq.

Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim.

Harda əcdadımın ayaq izi var,
Bu zəfər bayrağım orda dikəlsin.
Keçdiyi yerlərdə dağlar, yamaclar
Onun hüzuruna salama gəlsin.
Tarixdən qədimdir, zamandan qoca
Mənim bayrağıma sancılan hilal.
Aləmə nur saçdı tarix boyunca
Məbədlər başma tac olan hilal.

Daim ucalasan! Savas günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm.

Aprel, 1998



QƏRİBƏ DEYİLMİ?

Qəribə dünyadır, bəzən baş yarır
Ayağın dəstəyi taxta çəliklər.
Bəzən qul sahibi qula yalvarır
Dünyanı fırladır qəribəliklər.
- Dünya çalxalanır yenə dəniz tək.
- Bu böyük dünyanın dərdini çəkmək
Bizəmi qalıbdır?
- Vallah, nə deyim?
Sənə yox, mənəsə qalıb, neyləyim?

Qəribə deyilmi?
Sən sirr, mən də sirr.
Bu sirri bilmirik necə çözməli?
Kimi övladının dərdini çəkmir,
Kimi də xalqının dərdindən dəli!
Torpaq əldən getdi, ölkə talandı,
Sənin nə vecinə, günün ağ olsun.
Səninçün dünyada hər şey yalandı
Təki damağın çağ, canın sağ olsun.
Bu boyda millətin ağır günündə
Qaşını çatmaq da sənə əzabdır.
Qardaşın döyülsə gözün önündə
Deyərsən, nə hay-küy, nə şaphaşapdır?

Ayıra bilirsən xeyirdən şəri,
Mənfəət meydanı səninçin gendir.
Nə Vətən, nə millət?
Səndən ötəri
Harda xeyrin varsa, ora vətəndir.
Xalqın naləsinə qulaqların kar,
Millətin içində millətə yadsan.
Dərddən başımıza yağdı yağışlar,
Səni islatmadı, dərddən azadsan.
Bir qırıq dəymədi xeyrin özgəyə
Quru ağacdan da meyvə dərmisən.
Xeyrinin gözüylə baxdın hər şeyə
Dünyanı cibinə yerləşdirmisən.
Qışın çovğunu da sənə yaz gəlir
Əgər mənfəətin var isə bundan.
Xeyrindən özgə şey sənə vız gəlir
Araz açığından, Kür topuğundan.
Heç demə, dünyada dünyada kənar
Zamanın çölündə yaşayan da var...

Oktyabr, 1998.



NÖQSANDAN DA BETƏRMİŞ

Öz-özümü mənəm çəkən çarmıxa,
Nə biləydim, hökmü verən qədərmiş.
Öz içimdə hakim ilə vəkilin
Gecə-gündüz çəkişməsi hədərmiş.

Çox düşündüm: nədir qəsdim, niyyətim?
Hara çəkir görən məni fıtrətim?
Bu dünyadan mənim payım, qismətim
Sevincimdən oğurlanan kədərmiş.

Mən baxmadım nə yada, nə həmdəmə,
Nöqsanımı faş elədim aləmə.
Hey danladım öz-özümü... heç demə,
Mərdliyim də etirafa qədərmiş...

Vicdanımdan sordum: nədir etiraf?
Cavab verdi: bir tövbədir etiraf.
İndi bildim, əməlsiz bir etiraf
Günah kimi nöqsandan da betərmis.

31 dekabr, 1998


Əvvəlki səhifə   Yuxarı   Sonrakı səhifə