Qapılar

Dil lal, gözleri kordur, qulağı kar qapılar
Özü gen olsa da istəklər üçün dar, qapılar.

Çözülür müşgülümüz rəsmi otaqlarda, fəqət
Üzünü haqlı təmənnalara bağlar, qapılar.

Sahibin vaxtı əgər yox isə bədbəxtlər üçün
Elə kandarda onun köksünü dağlar, qapılar.

Qapıdan incə təbəssümlə və arzularla girib
Çölə ağlar çıxanın halına ağlar, qapılar.

Nə bilək gizli otaqlardakı həngamələri,
Bizə naməlum olan sirrləri saxlar qapılar.

Qapılardan qovulan boynu bükük bəndələrin
Ahı dəhşətli olur, ah ilə laxlar qapılar.

30 iyun, 1998



Əsarət - Azadlıq

Əsarət odunda bişdi nəslimiz,
Azadlıq eşqinə yandıq, yaxıldıq.
Çatıb azadlığa, bu məbəddə biz,
Şükür namazını qıbləsiz qıldıq.

İndi biz azadıq, bizi bir zaman,
Şeytandan qoruyan abır-həyadan.
Azadıq düşmənə qəzəbdən, kindən,
Millət hədəf olub öz nifrətinə.
Qurtarıb özgənin əsarətindən
Düşdük özümüzün əsarətinə.

Azadlıq rəhmdən, insafdan da biz,
Millətin haqqıya üzbəüz olduq.
Ana yurdumuzun qansız, rəhmsiz,
Qəddar talançısı özümüz olduq.

Yoxdur əvəzimiz yalançılıqda,
Bu ona şər atır, o, buna böhtan.
Yurdu dağıtmaqda, talançılıqda,
Azadlıq qorxudan, Allah xofundan.

İndi azadlığım mənə qənimdir,
Bu gizli oyundan baş açmır fələk.
Məni kor quyudan çıxaran kəndir,
İndi boğazıma keçib halqa tək...

17 avqust, 1996.



Gizlidir

Qışda bahar, baharda qış,
Seldə, suda od gizlidir.
Ağ buludda yamyaşıl ot,
Yaşıl otda süd gizlidir.

Nədir bu dərd, nədir bu qəm ?
Gah bilirəm, gah bilmirəm.
Hər sevincdə bir dərd, ələm,
Hər dərddə umud gizlidir.

Vardan-yoxa bu dövrədə,
Küllü gördüm bir zərrədə.
Bir damcıda, bir qətrədə
Bu boyda vücud gizlidir.

Hər görüşdən bir intizar,
Hər sevincdən bir qəm doğar,
Hər sükutda bir haray var,
Harayda sükut gizlidir.

Hər hakimin məhkumu var,
Hər cökənin hücumu var.
Hər cütdə təkin tumu var,
Hər təkdə bir cüt gizlidir.

Gerçəyi var hər yalanın,
Gen yolu var hər dalanın.
Min bütə səcdə qılanın
Qəbində bir büt gizlidir.

27 iyun, 1993.



Deyilmi ?

Ömür başdan-başa, beşikdən-qəbrə
Həyat sevinci, qəmi deyilmi ?
Ölüm bir ömürlük iztirabların-
Ağrının, acının cəmi deyilmi ?

Mənəvi dünyaya qalxıb ucalmaq
Qanadlı duyğuya qismətdir ancaq.
Beləysə, ömürdən, gündən kam almaq
Hər kəsin arzusu, kamı deyilmi ?

Keçir məqamlar da gündə yüz əldən
Hansı gizli əldir pozan, düzəldən.
Sənin güvəndiyin dənya əzəldən
Əkilən, biçilən zəmi deyilmi ?

Ayaqlar altında yer oldu tapdaq,
Sirrini, məğzini bilmədik ancaq.
Tapdıq etdiyimiz bu qara torpaq
Əbədi mənzilin damı deyilmi ?

Damımız üstündə gəzər, hey gəzər,
Hərə ürəyincə bir mənzil bəzər.
Torpağı sormaqdan etmədik həzər,
Bu da ağlımızın kəmi deyilmi ?

Ötəri mənzildə qədər hökm edər,
Kimimiz bal içər, kimimiz zəhər:
Əbədi mənzildə hamı - bir nəfər,
Bir nəfər özü də hamı deyilmi ?

22 fevral, 1986.



Görən hara gedir ?

Qorxu kölgəsinə sığınmış bu gün
Sədaqət, diyanət, məhəbbət, Allah.
Yalan hakim olub, böhtan gözətçi,
Çürüyür zindanda həqiqət, Allah.

Əyri əyriliyi yeridir daşa,
Keçib əyrilikdə hamıdan başa.
Doğru həsrət qalıb isti bir aşa,
Görən hara gedir bu millət, Allah.

Həftələr dəyişdi, gönlər dəyişdi,
Tərəflər dəyişdi, yönlər dəyişdi.
Qiblələr dəyişdi, dinlər dəyişdi,
İtə ot verilir, ata ət, Allah.

Ünvanı dəyişib rəzalətin də,
Qaymaq da satılır şor qiymətində.
İndi sədaqətin səltanətində,
Əyləşib hökm edir xəyanət, Allah.

Ha çığır, ha bağır, yalan ayılmaz,
Yaxşını yamandan ayıran olmaz.
Satsan, üzünə də baxan tapılmaz,
Necə ucuzlaşıb ləyaqət, Allah.

Yalanlar həqiqət qiyafəsində,
Yeklər cövlan edir şeş xanəsində.
Oğrular, əyrilər zəmanəsində,
Əyrilik sayılır, fərasət, Allah.

9 iyul, 1989.


Yuxarı   Sonrakı səhifə